İQTİSADİYYAT
Cenevrədə “Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminarda Azərbaycanda bu sahədəki vəziyyətlə bağlı təqdimat keçirilib
Bakı, 30 may, AZƏRTAC
Cenevrədə “Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminarda Azərbaycanda bu sahədəki vəziyyətlə bağlı təqdimat keçirilib.
İsveçrənin Cenevrə şəhərində keçirilən “Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminar və “Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun sessiyasında MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, Avropa Ətraf Mühit Agentliyinin, MDB Dövlətlərarası Statistika Komitəsinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminar su ehtiyatları, təbii mənbələrdən suyun götürülməsi və istifadəsinə dair statistik məlumat və göstəricilərin müqayisəsinə həsr olunub.
Su ehtiyatları statistikası və su göstəricilərinin mühüm konseptual və terminoloji məsələləri ilə tanışlıq, su ehtiyatlarının 3 göstəricisi (bərpa olunan şirin su ehtiyatları, təbii mənbələrdən götürülən su və sudan istifadə) üzrə məlumatların toplanması, onların keyfiyyətinə nəzarət və yayılması sahəsindəki uğurlu praktika və təcrübənin mübadiləsi məsələlərinin müzakirəsi seminarın əsas məqsədlərindən idi.
BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndəsi Annukka Lipponen su ehtiyatlarının hazırkı vəziyyəti barədə məlumatların bu sahədə düzgün siyasi qərarların qəbulunda əhəmiyyətli rol oynadığını nəzərə çatdırıb.
Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Rusiya, Bosniya və Herseqovina nümayəndələri su ehtiyatları, təbii mənbələrdən götürülən və istifadə olunan suya dair göstəricilər haqqında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi tərəfindən təqdim olunan təqdimatda Azərbaycanda sudan istifadəyə dair hüquqi baza, ölkənin su təsərrüfatının idarə edilməsinin strukturu, “Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, suya dair uçot və hesabat sistemi, su statistikası məlumatlarının qrafik təsviri, rəsmi statistik nəşrlər haqqında geniş məlumat verilib.