QAN YADDAŞI
Cenevrədə Xocalı faciəsinin qurbanlarının xatirəsinə anım konserti keçirilib VİDEO
Cenevrə, 22 fevral, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə əməkdaşlıq şəraitində bütün dünyada baş vermiş və hələ də davam edən müharibələrdə həlak olmuş qurbanların xatirəsinə konsert təşkil edilib.
Neoklassizm üslubunda inşa edilmiş “Palais de l’Athénée” sarayında baş tutan konsert xüsusi olaraq düz 25 il bundan əvvəl – 25-26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının qurbanlarının xatirəsinə ithaf olunub.
Xatirə konsertində Almaniyanın Reyn Kvarteti, solistlər – həmyerlimiz skripkaçı Nəzrin Rəşidova və latviyalı klarnet ifaçısı Anna Qaqane çıxış ediblər. Tədbirdə beynəlxalq təşkilatlar, diplomatik korpus, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov hərbi münaqişələrin qarşısının alınmasında BMT-nin rolu və beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında bu təşkilatın əhəmiyyətindən bəhs edib: “İkinci Dünya müharibəsindən sonra BMT təsis olunanda beynəlxalq ictimaiyyət hesab edirdi ki, münaqişələrin mövcud olmadığı dünyanı qurmaq mümkün olacaqdır. Bu gün təəssüflə görürük ki, bu belə olmadı. Keçmişdə qalan və hələ də davam etməkdə olan müharibələrə, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında gedən müharibəyə nəzər salanda, ilk növbədə, müasir Azərbaycan tarixinin ən faciəvi epizodu olan Xocalı soyqırımını xatırlamamaq mümkün deyil. Bu faciə bizə bir daha xatırladır ki, silahlı münaqişələrin ilk qurbanları məhz dinc əhalidir. Keçmişdən öyrənib ibrət dərsi götürməyimiz lazımdır, ona görə də bu axşam müharibə və silahlı münaqişələrin bütün qurbanlarının xatirəsini yad edirik ki, Xocalı soyqırımı kimi faciəvi hadisələr bir daha baş verməsin”.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter çıxışında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz düşəndə 613 günahsız insanın qətlə yetirildiyi Xocalı soyqırımını xatırlamamaq mümkün deyil. Erməni işğalçılarının kiçik bir qəsəbədə törətdikləri qırğında yüzlərlə insan həlak oldu, ev-eşiyindən didərgin düşdü və həmin gecədən sağ çıxan insanlar hələ də aldıqları psixoloji travmanın təsiri altındadırlar. O bildirib ki, dünyada bir-birinin tam bənzəri olan iki münaqişə tapmaq mümkün deyil və hər bir münaqişə öz gedişatında amansız bir sima alır. Lakin bütün münaqişələrdə ortaq olan cəhət ən böyük zərbənin mülki əhaliyə dəyməsi, dinc insanların həlak olmasıdır.
Tədbirin bədii hissəsində Reyn Kvarteti Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. İfa edilən əsərlərin seçimində Qarabağda doğulmuş və ya ailə bağları ilə bu bölgə ilə sıx əlaqəli olan Azərbaycan bəstəkarları ilə yanaşı, eyni zamanda, müharibədən əziyyət çəkmiş Avropa bəstəkarlarının da əsərlərinə üstünlük verilib. Bu qəbildən Birinci Dünya müharibəsində həlak olmuş ispan bəstəkarı Enrike Qranadosun “Oriental” əsəri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Konsertdə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Əfrasiyab Bədəlbəylinin əsərləri səsləndirilib.
Axşamın zirvəsini isə fransız bəstəkar Pyer Tilloyun bəstələdiyi “Xocalı 613” əsəri təşkil edib. Xocalıda və ümumiyyətlə, Qarabağda qətlə yetirilmiş günahsız insanların harayını ifadə edən əsərdə mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər musiqinin dili ilə vurğulanır.
Bəstəkar bu əsər barədə fikirlərini bölüşərkən deyib: “Xocalı 613” əsəri mənə bir şeydə kömək etdi – sənətkar üçün öz ideyasına sadiq qalmağın nə demək olduğunu yenidən başa düşdüm. İndi bu əsərin təsiri mənim istəyimdən də artıqdır, həm də elə güclüdür ki, insanları 25 il əvvəl bu kiçik şəhərdə baş verənlər haqda düşünməyə məcbur edir və inandırır ki, sülh yaratmağın vaxtıdır”.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə