SİYASƏT
Cenevrədə keçirilən rəsmi qəbulda Azərbaycanın qədim dövlətçilik ənənələri barədə söhbət açılıb
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə Cenevrə şəhərində rəsmi qəbul təşkil edilib.
Qəbul çərçivəsində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunub, milli musiqilərimiz səsləndirilib.
Daimi nümayəndə, səfir Murad Nəcəfbəyli qəbulda Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə söhbət açıb. Tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, turizm potensialını əks etdirən kitablar, nəşrlər və suvenirlər hədiyyə edilib.
Mərasimdə iyunun 12-28-də Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı da keçirilib. M.Nəcəfbəyli Oyunlara dair ətraflı məlumat verib və bununla bağlı slaydşou və videoçarx nümayiş etdirilib.
Rəsmi qəbul zamanı qonaqlar Azərbaycanın son illər ərzində bütün sahələrdə inamla inkişaf etməsini yüksək qiymətləndirib və Bakıda keçiriləcək birinci Avropa Oyunları kimi bir sıra mötəbər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu qeyd ediblər.
Tədbirdə BMT-nin Cenevrə şəhərindəki bölməsinin baş direktoru Maykl Moller, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Yoahim Rükker, təşkilatın Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusik, habelə Cenevrə şəhərində yerləşən digər
beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə kantonunun rəsmiləri, şəhərdə yerləşən ali təhsil ocaqlarının müəllimləri, səhiyyə qurumlarının rəhbərləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və azərbaycanlı tələbələr iştirak ediblər.