İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının tarixi müəyyənləşib
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin razılığı ilə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilmə vaxtı fevralın 23-ü tarixinə təyin edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar nazirlikdə bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirakçıların siyahısı müəyyənləşdirilərək, toplantıda iştirak məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Albaniya və Bolqarıstan), eləcə də Balkan ölkələrinin energetika nazirlərinə, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinə və digər maraqlı ölkələrin nümayəndələrinə dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının proqram və gündəliyinin ilkin layihələri tərtib olunub.
Hazırda Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlikləri vasitəsilə bu istiqamətdə müvafiq işlər aparılır, iclasın proqram və gündəliyinin yekun variantlarının hazırlanıb razılaşdırılması ilə bağlı tədbirlər görülür.
Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı isə ötən il fevralın 29-da keçirilib.