İQTİSADİYYAT


“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasına dəvət almış ölkələr iştirakını təsdiqləyir

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Energetika Nazirliyinə fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına dəvət almış ölkələrin iştirakını təsdiqləyən məlumatlar daxil olmaqdadır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda “Cənub Qaz Dəhlizi”nin hazırkı vəziyyətini və icrasına təsir edəcək məsələlərin müzakirəsi üçün Məşvərət Şurasının bu toplantısını münasib platforma hesab edərək, tədbirdə iştirakını təsdiqləyib. Dəvəti qəbul edənlər arasında Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis də yer alıb. Nazir TAP layihəsinin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edərək, bütün iştirakçı ölkələr üçün “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Bolqarıstanın energetika naziri Nikolay Pavlov da toplantıya qatılacağını və onu “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” və Energetika Nazirliyinin nümayəndələrindən ibarət heyətin müşayiət edəcəyini deyib.

Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviçin də iştirakı müəyyənləşib. O, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan qazının Balkan regionuna və xüsusilə Xorvatiyaya çatması ilə bağlı layihəyə nikbin yanaşdığını, ölkəsinin bu layihəyə böyük əhəmiyyət verdiyini vurğulayıb. Bakıda TAP və IAP layihələrinin həyata keçirilməsi istiqamətində ətraflı müzakirələr aparmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, səfər çərçivəsində toplantıda iştirak edəcək əksər ölkələrin energetika nazirlərinin Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşü planlaşdırılır.

Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı və Avropa İnvestisiya Bankını təmsil edəcək nümayəndə heyətinin iştirakı dəqiqləşib. Dünya Bankını qurumun enerji və hasilat üzrə baş direktoru Rikardo Puliti təmsil edəcək. R.Puliti bank daxilində qlobal enerji məsələləri üzrə əsas məsul şəxslərdən biridir. O, TANAP layihəsinin tikintisi üçün kreditin təsdiq olunması ilə bağlı Dünya Bankının Direktorlar Şurasının ötən il dekabrın 20-də keçirilmiş görüşündə “Cənub Qaz Dəhlizi” layihəsini təqdim edən şəxslərdən biri olub.

Avropa İnvestisiya Bankından isə toplantıya qurumun Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti qatılacaq. Nümayəndə heyətinə AİB-in enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuk daxildir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına dəvəti ilk qəbul edənlərdən biri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç olub.

Məşvərət Şurasının növbəti iclasının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Hazırda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasının proqram və gündəliyinin yekun variantlarının hazırlanıb razılaşdırılması ilə bağlı tədbirlər görülür.

Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda, onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da Bakıda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.