İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” layihələrinə ARDNF-dən 736,9 milyon dollar vəsait yönəldilib
Bakı, 30 iyun, AZƏRTAC
2014-2015-ci illər ərzində “Cənub Qaz Dəhlizi” layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə Dövlət Neft Fondundan (ARDNF) ümumilikdə 736,9 milyon ABŞ dolları və yaxud 732,8 milyon manat vəsait yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci il üzrə hesabatında məlumat verilir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təsis edilib. Sərəncamın 2.1.-ci bəndi ilə QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb. 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə ARDNF tərəfindən 692,9 milyon manat və yaxud 685,9 milyon ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb.