İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” uzun illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək layihədir
Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC
“Cənub Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla, uzun illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov avqustun 29-da Bakıda öz işinə başlayan “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında səsləndirib.
Nazir müavini qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır və “Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir. Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
“Enerji təhlükəsizliyi hazırda ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. “Cənub Qaz Dəhlizi” nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi baxımından olduqca mühüm layihədir”, - deyə N.Abbasov əlavə edib.