İQTİSADİYYAT
“Cənub-Qərb” marşrutu üzrə koordinasiya işləri “Azərbaycan Dəmir Yolları”na həvalə edilib VİDEO
Bakı, 19 iyun, Elvin Camalov, AZƏRTAC
Bakıda “Cənub-Qərb” nəqliyyat marşrutu üzrə güzəştli tariflərin tətbiqi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müzakirələr Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşündə aparılıb.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Cənub-Qərb” nəqliyyat marşrutu barədə məlumat verərək bildirib ki, bu marşrut Hindistan-Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqamətində fəaliyyət göstərir. İl ərzində bu marşrut üzrə ümumi daşımaların həcmi 72 milyon ton, Avropa-Hindistan istiqamətində isə 25 milyon ton yük təşkil edir.
C.Qurbanov qeyd edib ki, “Cənub-Qərb” nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilməli, güzəştli tariflər tətbiq edilməlidir. “Cənub-Qərb” dəhlizi layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır. Bu marşrut boyunca əsas məntəqələr Hindistanda Mumbai, İranda Bəndər-Abbas, Azərbaycanda Astara, Gürcüstanda Poti və Batumi, Ukraynada Çernomorsk və İzov, Polşada Slavkov olacaq. Dəhlizin ümumi uzunluğu 7654 kilometrdir. Dəniz yolu ilə bu məsafə 40 günə bərabərdir, amma “Cənub-Qərb” dəhlizi vasitəsilə bu müddət 15 gün təşkil edəcək.
Beştərəfli görüşdə “Cənub-Qərb” nəqliyyat marşrutu - üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımaların həyata keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, “Cənub-Qərb” nəqliyyat marşrutu katibliyinin və əməliyyat iş mərkəzinin yaradılması məsələləri müzakirə edilib.
Müzakirələrdən sonra qərara alınıb ki, Hindistan-Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək “Cənub-Qərb” nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin. Eyni zamanda “Cənub-Qərb” nəqliyyat marşrutu üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsi araşdırılsın.
Əldə olunun razılığa əsasən, “Cənub-Qərb” marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşa dəmir yolları arasında koordinasiya işləri “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib. “Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yarana biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşa dəmir yollarının nümayəndələrindən İşçi Qrupu yaradılacaq.
Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.