QAN YADDAŞI
Cənub bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilir
Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş təşkil olunub.
Tədbirdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrinin milli azadlıq hərəkatının zirvəsi olduğunu bildirib. Qeyd olunub ki, 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, sərt bəyanatla çıxış edib, bu qətliamı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Ölkə rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib.
T.Qaraşov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə dövlət qayğısının artırıldığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhid ailələrinə yardımlar edilib.
X X X
Yanvarın 19-da Masallı Rayon Mədəniyyət Mərkəzində qanlı 20 Yanvara həsr olunmuş tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynovanın “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilib.
Mərasimdə Masallı Rayon Xalq Teatrının həvəskar aktyorlarının və Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında “Haray” adlı əbədi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Yanvarın 19-da Astara rayonunun ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar faciəsi” mövzusunda tarix dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Astara şəhər 1, 2, 3 və 5 nömrəli, Suparibağ kənd tam orta məktəblərində keçirilən anım mərasimlərində rayondakı Heydər Əliyev Mərkəzinin əməkdaşları mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, 20 Yanvar faciəsindən 27 il ötsə də, Azərbaycan tarixinə qanla yazılmış həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. O qanlı gecə təkcə faciə deyil, eyni zamanda, xalqımızın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
Diqqətə çatdırılıb ki, 1990-cı ilin 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
X X X
Astara rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş 8-11-ci sinif şagirdləri arasında intellektual bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Adil Rzayev, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, idarənin aparıcı məsləhətçisi Aysel Cəbiyeva 20 Yanvar faciəsinin Azərbaycanda milli azadlıq hərəkatında oynadığı roldan danışıblar.
Altı komandanın iştirak etdiyi bilik yarışında “Günəş” komandası birinci, “Ekvator” komandası ikinci, “Zirvə” komandası üçüncü yerlərə layiq görülüb.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.