REGİONLAR
Cənub bölgəsində kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində stimullaşdırıcı tədbirlər keçirilir
Lənkəran, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda fəaliyyət göstərən “Şəfəq” Ekoturizm İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsinin icrası başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.
Layihə çərçivəsində Astara, Lənkəran, Masallı, Yardımlı və Lerik rayonlarında kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar, bələdiyyələr, yerli əhali üçün “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda seminarlar təşkil edilib.
Təlim məşğələlərinin sonunda paylanan xüsusi ərizə formaları ilə müraciət əsasında müvafiq şəxslər seçilib və onlar üçün Lənkəran şəhərində “Kənd təsərrüfatında yerli istehsalın səmərəli təşkili” mövzusunda seminar keçirilib. Həmin şəxslərə arı pətəkləri və toxumluq buğda paylanılıb.
Layihənin icrasından razılığını bildirən yerli sakinlər bu cür tədbirlərin qeyri-neft sektorunun inkişafında sahibkarlığın stimullaşdırılması ilə yanaşı, məşğulluq və işsizlik problemlərinin həllinə də müsbət təsirini göstərdiyini bildiriblər.
Mövzu ilə bağlı maarifləndirici bukletlər çap edilərək əhaliyə paylanılıb, kənd təsərrüfatında yerli istehsalın təbliği ilə əlaqədar videoçarx hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.