REGİONLAR
Cənub bölgəsində kolleksiya toplayanlar
Lənkəran, 28 avqust, Bağır Əliyev, AZƏRTAC
Müxtəlif əşyalardan kolleksiya toplamaq bütün zamanlarda bəzi insanların hobbisi olub.
AZƏRTAC xəbər verir ki, Lənkəranın Səpnəkəran kənd sakini Sübhan Hüseynov 5 ilə yaxındır kolleksiya toplamaqla məşğuldur. Onun kolleksiyasında Səfəvilər dövrünə və daha əvvəllərə aid gümüş pul və sikkələr, yaşı bir əsrdən çox olan mis və keramik qablar, saatlar və digər qədim əşyalar var.
Həmişə axtarışda olan S.Hüseynov bu əşyaları və pulları əldə etmək üçün hər birinə 5 manatdan tutmuş 400 manatadək pul xərcləyib.
Astaralı İlqar Məmmədov isə 8 ildir qədim pulları toplayır. İ.Məmmədovun kolleksiyasında hətta XIV əsrə aid pullara da rast gəlmək olar. Onun sözlərinə görə, babası və atası da vaxtilə qədim pullardan kolleksiya yığıb.
Kolleksiyaçı Azərbaycanın qədim qəpikləri və kağız pulları ilə yanaşı, keçmiş Sovet İttifaqının, eləcə də İranın qədim pullarını kolleksiyasına daxil edib. O, təxminən 200-ə yaxın qədimi qəpik, eləcə də 150-dək kağız pul toplayıb.
Hər iki kolleksiyaçı topladıqları nümunələri satmaq fikrində deyil, əksinə, onların sayını daha da artırmaq niyyətində olduqlarını bildiriblər.