REGİONLAR


Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair zona müşavirəsi keçirilib

A+ A

Masallı, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 24-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunmuş zona müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra nazirliklərin və dövlət orqanlarının məsul əməkdaşları, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarında turizm sahəsində çalışanlar, rayon icra hakimiyyəti başçılarının müavinləri, yerli sahibkarlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə və rayonda turizmin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri də turizm sənayesidir. Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahənin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirib. Hazırda yeni turizm zonalarının yaradılması istiqamətində mühüm işlər görülür.

Cənub bölgəsinin böyük turizm potensialına malik olduğunu vurğulayan Ə.Qarayev Masallı rayonunda mədəniyyət və turizm sahəsində böyük nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgədə mühüm infrastruktur layihələri reallaşdırılıb. Müasir tələblərə cavab verən Lənkəran Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması, bölgə üzrə daxili avtomobil yollarının çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işləri turizmin inkişafına öz müsbət təsirini göstərir.

Ə.Qarayev deyib ki, cənub bölgəsində müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasib şərait var. O cümlədən ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur.

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov, “Kənd yaşıl turizminə dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusubov, İqtisadiyyat Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov, cənub bölgəsində fəaliyyət göstərən istirahət mərkəzləri və mehmanxanaların rəhbərləri çıxış edərək, turizmin inkişafı ilə bağlı təkliflərini bildiriblər.

Zona müşavirəsini yekunlaşdıran nazir Ə.Qarayev ölkəmizdə turizmin inkişafına nail olmaq üçün yerli sahibkarlara öz işlərinə müasir tələblər səviyyəsində yanaşmağı tövsiyə edib, turizmin yeni sahələrinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.