REGİONLAR
Cənub bölgəsində yay turizm mövsümü başa çatıb
Lənkəran, 29 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Payız mövsümünün və yağmurlu havaların başlanması ilə ölkəmizin cənub bölgəsində yay turizm mövsümü başa çatıb.
AZƏRTAC xəbər verir ki, hava şəraiti ilə əlaqədar bölgədə yay turizm mövsümü gec başlasa da, turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Cənub bölgəsinin dağla dəniz arasında yerləşməsi və bu yerlərin gözəl təbiəti əcnəbi turistlərin diqqətini daha çox cəlb edib. Turistlər, həm də bölgədəki maddi-mədəniyyət nümunələri ilə də yaxından maraqlanıblar.
Bu ilin son 3 ayı ərzində Lənkəran rayonuna gələn turistlərin sayı 10 mini ötüb. Turistlərin 15 faizdən çoxunu əcnəbilər təşkil edib.
Astaraya gələn turistlərin sayında isə 30 faiz artım qeydə alınıb. Rayona gələn turistlərin 20 faizindən çoxu xarici turistlər olub.
Bu ilin yay turizm mövsümü bölgə üçün bir sıra yeniliklərlə yadda qalıb. Lənkəranda ilk dəfə çoxlu sayda hostellərin fəaliyyətə başlaması, turizm mərkəzlərində təlimlər keçməklə xidmət səviyyəsinin yüksəldilməsinə kömək etmələri üçün Türkiyədən mütəxəssislərin cəlb olunması bu sahənin inkişafına müsbət təsir göstərib.
Həyata keçirilən bu tədbirlər növbəti ildə bölgədə uğurlu turizm mövsümünün başlanmasına zəmin yaradır.