REGİONLAR
Cənub bölgəsinə səyahət tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb
Lənkəran, 26 mart, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin regionlara təşkil edilən tur-aksiyasının cənub bölgəsi istiqaməti üzrə növbəti mərhələsi başa çatıb.
Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələr, muzeylər, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar.
AZƏRTAC xəbər verir ki, ölkəmizin cənub bölgəsinə səyahət edən Sumqayıt, Naftalan və Mingəçevir şəhərlərindən, Xızı, Siyəzən, Şabran, Qubadlı və Laçın rayonlarından olan məktəblilər və onların müəllimləri martın 26-da Lənkəran şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar. Cənub bölgəsindən zəngin təəssüratla ayrılan aksiya iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.