REGİONLAR
Cənub bölgəsinə səyahətlərinin ikinci günü məktəblilər Lənkəranla tanışlığı davam etdiriblər
Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağsu, Qobustan, Ağdaş, Tərtər rayonlarının məktəbliləri və onların müəllimləri martın 17-də Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev prospektində IDEA İctimai Birliyinin təşəbbüsünə qoşularaq ağacəkmə aksiyasında iştirak ediblər. Məktəblilər və onların müəllimləri Heydər Əliyev prospekti boyunca 350 müxtəlif növ ağac əkib, əkilən ağaclara qulluq göstəriblər.
Sonra tur-aksiyanın iştirakçıları Hirkan Milli Parkına gəliblər. Məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir və unikal milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır. Ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkında Azərbaycanın “Qırmızı kitab”ında olan ağac və kol bitkilərinin yarıdan çoxuna təsadüf edilir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə olunur.
Milli parkla tanışlıqdan sonra məktəblilər “Xanbulan” İstirahət Mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar. Bildirilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dövründə Azərbaycan əhalisinin çaya tələbatının 70 faizi yerli istehsal hesabına ödənilib. Qeyd olunub ki, uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır.
Lənkəran şəhərindəki “Qoşa Qala” qapıları, “Dairəvi Qala”, “Mayak” binası, “Samovar” İstirahət Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Tur-aksiyanın iştirakçıları, həmçinin Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Sovet İttifaqı qəhrəmanlarına həsr olunmuş “Tarixin canlı əfsanələri” filminə baxıb, “Xəzər Palase” İstirahət Mərkəzində rayonun milli mətbəx nümunələri ilə tanış olublar.
Lənkəranla tanışlıqdan sonra məktəblilər martın 18-də səyahətlərini Masallı və Astara rayonlarında davam etdirəcəklər.