REGİONLAR
Cənub bölgəsinə yağan aramsız yağışlar Lerikdə torpaq sürüşməsinə səbəb olub
Oktyabrın 20-dən başlayaraq cənub bölgəsinə yağan aramsız yağışlar Lerik-Lənkəran yolunun 17-18 və 20-22-ci kilometrliklərində torpaq sürüşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, ərazidə ən təhlükəli vəziyyət Lerik rayonunun Piran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon 43 nömrəli yol-istismar idarəsi əməkdaşlarının və kənd sakinlərinin köməyi ilə yolda avtonəqliyyatın intensiv hərəkəti bərpa edilib.
Bununla belə, ərazidə sürüşmə təhlükəsi hələ də qalmaqdadır. Magistral yolun 15-dən artıq hissəsində yol sürüşməyə məruz qalıb. Yolun 17-18-ci kilometrliyində mütəmadi olaraq baş verən torpaq sürüşməsi sürücülərin işini də xeyli çətinləşdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, cənub bölgəsində ən çox yağıntı Lənkəran və Astara rayonlarına düşüb.
Lənkəranda yağıntının miqdarı 45,1, Astarada isə 64,8 millimetr olub. Bölgədə çaylarda suyun səviyyəsi 168 santimetrə çatıb.
Lerik rayonunun dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən ucqar dağlıq ərazilərinə, Kəlvəz və Rvarud kəndlərinə 18-28 santimetr qar yağıb.