CƏMİYYƏT
Cənub bölgəsinin dindarları ölkəmizin ictimai-siyasi sabitliyinin pozulmasına yönəldilmiş cəhdləri pisləyirlər
Bakı, 28 noyabr, AZƏRTAC
Respublikamızın cənub bölgəsində yaşayan dindarlar Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı bəyanat qəbul ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda son günlər baş vermiş hadisələrin bütün ölkə dindarları kimi cənub bölgəsinin dindarlarını da ciddi narahat etdiyi bildirilir. Özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi, demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdləri qətiyyətlə pislənilir. Vurğulanır ki, heç bir rəsmi statusu olmayan “Müsəlman Birliyi Hərəkatı”nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. Regionun indiki həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar. Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizin milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri bu dairələrin məkrli niyyətlərini bariz şəkildə göstərir.
Dinimizdən sui-istifadə edilməsi, onun siyasi məqsədlərə alət olunması sülh və əmin-amanlıq dini olan İslama nəinki fayda verir, əksinə, dünyada islamofobiyanın artdığı bir dövrdə terrorizmin dinimizlə əlaqələndirilməsi istiqamətində kampaniya aparan bəzi qüvvələrin dəyirmanına su tökür. Həmçinin dünyada öz tolerantlığı və dini sabitliyi ilə seçilən respublikamızın müsbət imicinə mənfi təsir göstərir.
Bəyanatda qeyd edilir ki, Azərbaycan dünyəvi dövlətdir və bütün dini etiqadlara bərabər şərait yaradılıb. Həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir. Hər bir inanclı rahat şəkildə ibadətlərini yerinə yetirə bilməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Dövlət tərəfindən dinə yüksək qayğı göstərildiyi bir vaxtda müsəlmanların sıxışdırılması iddiaları ilə çıxışlar etmək, inanclıları dövlətə qarşı qaldırmaq cəhdləri yolverilməzdir.
Bəyanatın sonunda deyilir: “Bütün bunları nəzərə alaraq, biz inanclıları belə hadisələrdən ibrət almağa, Azərbaycan dövləti və onun Prezidenti ətrafında sıx birləşməyə çağırır, öz xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş polislərimizə Allah-Taaladan rəhmət diləyirik”.