REGİONLAR
Cənub bölgəsinin istirahət mərkəzlərində yerli turistlərlə yanaşı, xarici qonaqlar da çoxluq təşkil edir
Lənkəran, 28 mart, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsində Novruzun ab-havası, bayram əhval-ruhiyyəsi yaşanmaqdadır.
AZƏRTAC xəbər verir ki, Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 günlük qeyri-iş gününun olması regionlarda fəaliyyət göstərən turizm və istirahət mərkəzlərində əsl canlanmaya səbəb olub.
Novruz bayramına özünəməxsus şəkildə hazırlaşan istirahət mərkəzlərinin qiymətlərdə endirimlər etməsi bölgədə turistlərin sayının artmasına səbəb olub. Bölgəyə gələn hər bir turistin istirahət etməsi üçün adi günlərdə 50-150 manat tələb olunurdusa, bayram günlərində 20-25 faiz endirimlər edilib.
Bölgədəki turuzm obyektləri Avropa standartlarına uyğun inşa edildiyindən və burada dincələnlərə göstərilən xidmət mədəniyyəti yüksək olduğundan turistlər bu gözəl məkandan qayıtmağa tələsmirlər. Hazırda rayonun istirahət mərkəzlərində boş yer yoxdur.
Turistlər rəqs qruplarının və yerli sənətkarların ifalarını, Novruzun atributları olan Kosa və Keçəlin məzhəkəli oyunlarını, qədim adət və ənənələri yüksək qiymətləndirirlər.
Bayram günlərində istirahət mərkəzlərində təşkil edilmiş kütləvi mədəni tədbirlərdə turistlər də yaxından iştirak edirlər. Onlar milli paltar geyinmiş qızlar və oğlanlarla birlikdə tonqalın ətrafında dövrə vuraraq yallı gedir, bayram sevincini birgə yaşayırlar.
Turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, istirahət mərkəzlərində müxtəlif əyləncəli proqramların və konsertlərin təşkil edilməsi burada dincələnənlər tərəfindən razılıqla qarşılanır. Onlar istirahət mərkəzlərində yaradılan şəraitdən razı olduqlarını bildirirlər. Turistlərdən bir neçəsi bayram təəssüratlarını bizimlə də bölüşdü.
Jalə Məlikzadə (yerli turist): “Novruz bayramını cənub bölgəsində keçirməyi qərar verdim. Düşünürəm qərarımda yanılmadım. Qaldığım “Palmalife” istirahət mərkəzində turistlərin mənalı istirahət etməyi üçün hər cür şərait yaradılıb. Qiymətlər əladır, cibimizə uyğundur. Burada həm istirahət etmək olur, həm Novruz şənlikləri gözəl keçir. Cənub bölgəsinin adət-ənənələri çox gözəldir. Mən gənclərə məsləhət görərdim ki, bayramları öz vətənimizdə keçirsinlər”.
İstirahət mərkəzlərində yerli turistlərlə yanaşı, xarici qonaqlar da az deyil. Onların arasında əsasən Türkiyə, Rusiya, İran və Ukraynadan olan turistlər üstünlük təşkil edir.
Lənkərandakı “Qafqaz sahil otel” turizm istirahət mərkəzinin meneceri İsmail Kahrıman bildirib ki, Novruz bayramı günlərində istirahət mərkəzində 100-dən çox turist dincəlib: “Əvvəlcədən sifarişlər götürdüyümüzə baxmayaraq, daha çox qonaq qəbul etmişik. Güman edirəm ki, bu artım bizim turistlərə təklif etdiyimiz qiymət paketi, endirimlər, əvvəllər burda olanlara göstərdiyimiz xidmətlərlə bağlıdır”.
Türkiyənin İstanbul şəhərindən olan Əsra Qorxmaz ailəsi ilə birgə Novruzu Azərbaycanda keçirməkdən məmnun olduğunu bildirərək deyib: “Azərbaycanda keçirilən Novruz şənlikləri özəllikləri ilə seçilir. Lənkəran şəhərindəki “Qafqaz Sahil Otel”də ailəmlə birgə istirahət etməyi qərara aldıq. Düşünürəm, seçim etməkdə yanılmamışıq. Xəzər dənizi sahilində yerləşən istirahət mərkəzində hər şey gözəldir. Bayram günlərində keçirilən şou proqramlar ürəyimizcə oldu. Burda olmağımızdan çox sevinirik”.
Türkiyənin Ədirnə şəhərindən gələn Zəhra Akım da istirahət mərkəzində yaradılan şəraitindən razı qaldığını, Novruzu əsl bayram kimi qeyd etdiyini bildirib: “Biz də ailəliklə Novruz günlərini Lənkəranda keçiririk. Lənkəranın çox gözəl təbiəti vardır. Bir tərəfdən dəniz, digər tərəfdən dağlar, meşələr insanı heyran edir. Bölgənin insanları qonapərvər və mehribandırlar”.
Qeyd edək ki, Lənkəranda bir günlük oteldə qalmaq haqqı gündə 3 dəfə yemək, bayram şousu da daxil olmaqla adambaşına 33, Lerikdə isə 40 manat təşkil edir.