REGİONLAR
Cənub bölgəsinin məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərini gəzəcəklər
Astara, 16 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın yeddinci mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu aksiyalar gənclərimizə ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
Martın 16-da səhər tezdən tur-aksiyanın Astaradan olan iştirakçılarının Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə ölkə başçısının təşəbbüsü və Prezident Administrasiyasının təşkilatçılığı ilə dövlət səviyyəsində keçirilən növbəti tur-aksiyanın uşaqların dünyagörüşünün formalaşmasındakı rolunu yüksək dəyərləndirərək, ölkəmizin şimal bölgəsinə səyahət edən məktəblilərə mənalı istirahət arzulayıb.
Rayon təhsil şöbəsinin məsul işçisi Emin Fətəliyev tur-aksiyanın məktəblilərin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları - Kijabə qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Alina Feyziyeva və Astara şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Nurlan Rzazadə sevinclərini bizimlə də bölüşdülər. Onlar bildirdilər ki, Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq məktəblilərin ürəyincədir.
Məktəblilər dörd gün müddətində Qubada Heydər Əliyev və Gənclər mərkəzləri, Quba Cümə məscidi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq müəssisəsi, Xınalıq yolundakı şəlalə və rayonun təbiəti ilə yaxından tanış olacaqlar.
Qusarda da məktəbliləri maraqlı səyahət gözləyir. Onlar Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya edəcək, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsinə, Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Olimpiya İdman Kompleksinə və Rəsm Qalereyasına baş çəkəcəklər.
Xaçmaz rayonunda tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Çənlibel Parkı, Dövlət Rəsm Qalereyası və “Şəxsiyyətlər Muzeyi”nə səyahət edəcəklər.
Sonda aksiya iştirakçılarını Qubaya aparan avtobus yola düşdü.
X X X
Həmin gün “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran, Lerik və Yardımlı rayonlarının məktəbliləri də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxıblar.
Tur-aksiya iştirakçılarının yolasalma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, cənub bölgəsindən, ümumilikdə, 160 şagird, 16 müəllim və 4 həkim şimal bölgəsinə yola düşüb.