REGİONLAR
Cənub bölgəsinin sahibkarları Vergi Məcəlləsində edilən dəyişikliklər barədə məlumatlandırılıblar
Lənkəran, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC
Vergilər Nazirliyi Prezident İlham Əliyevin 2016-cı il dekabrın 23-də imzaladığı və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, növbəti görüş yanvarın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 6 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sahibkarları ilə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə, o cümlədən Lənkəran rayonunda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, iş adamlarına edilən güzəştlərdən və bu sahədə vergi ödəyiciləri qarşısında duran vəzifələrdən danışıb.
Vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi, ölkədə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.