REGİONLAR


Cənub bölgəsinin seçiciləri referendumda fəallıq göstərirlər

A+ A

Astara, 26 sentyabr, Bağır Əliyev, AZƏRTAC 

Cənub bölgəsinin seçiciləri referendumda fəallıq nümayiş etdirirlər.

AZƏRTAC-ın müxbiri 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 nömrəli şəhər seçki məntəqəsində olarkən bunun bir daha şahidi olduq.

Səhər saat 8.00-da məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan edib.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq əlində tutduğu ultra-bənövşəyi rəngli fanarla seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları içəri buraxırdı.

Seçki məntəqəsində birinci səs verən - rayon tarix-diyarşünaslıq muzeyinin tərtibatçı rəssamı Sahib Bağırovdan ümumxalq səsverməsi ilə bağlı fikirlərini öyrəndik. Bildirdi ki, seçki məntəqəsində referendum azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirilir.

Şəhər sakini, 78 yaşlı Hüseyn Hacıyev da söhbətimizə qoşuldu. O da seçki məntəqəsində yaradılan şəraitdən və səsvermənin gedişindən razı qaldığını bildirərək dedi: “Seçki məntəqəsinə gəlməzdən əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış və seçicilərə paylanmış “müqayisəli təqdimat”la yaxından tanış olmuşam. Öz mövqeyimi artıq sərbəst şəkildə ifadə etdim”.

Səsvermənin nəticələrinin ölkəmiz üçün əhəmiyyətli olacağını vurğulayan H.Hacıyev qeyd edib ki, əsas odur atılan hər bir addım dövlətimizə, xalqımıza uğur gətirsin. Xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayır. Fəxr edirik ki, Azərbaycan kimi güclü bir dövlətin vətəndaşıyıq.

İlk dəfə səs verən Aytən Kərimzadə referendumda iştirakının sevincini bölüşərək qeyd etdi ki, dövlətimiz və xalqımız üçün olduqca önəmli olan bu mühüm siyasi kampaniyada iştirak etməkdən böyük məmnunluq hissi keçirir: “Səs verdiyim 1 saylı seçki məntəqəsində bütün səsvermə prosesi seçki qanunlarına uyğun aparılır. Hər bir seçici üçün öz seçimini etməyə yüksək şərait yaradılıb”.

Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə, seçki məntəqəsində 1415 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 11 nəfəri ilk dəfə səs verənlərdir.

Seçki məntəqəsində saat 10.00-da səsvermədə 247 nəfər iştirak edib.

77 saylı Astara dairə seçki komissiyasının sədri Hikmət Əkbərov bildirib ki, dairə üzrə fəaliyyət göstərən 44 seçki məntəqəsində ümumxalq səsverməsinin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb.

Dairə üzrə 38 min 857 seçicinin qeydə alındığını (onlardan 571 nəfəri ilk dəfə səs verənlərdir) bildirən H.Əkbərov, 9 seçki məntəqəsində veb-kameraların quraşdırıldığını, dairə seçki komissiyasında 461 yerli müşahidəçinin qeydə alındığını diqqətə çatdırıb.

Dairə üzrə yaşı 100-dən çox olan 4, 80-100 yaş arası 634 seçici qeydə alınıb. Rayonun ən yaşlı seçicisi Vəznəş kənd sakini, 104 yaşlı Tairova Mələk Zülfüqar qızıdır.

Dairə seçki komissiyasında qeydiyyatdan keçmiş “exit-poll”u təmsil edən Rəy Monitorinq Mərkəzinin 8 nəfər nümayəndəsi seçki məntəqələrində səsvermənin gedişini izləyir.

Saat 10.00-a olan məlumata görə, dairə üzrə qeydə alınmış 38 min 857 seçicidən 5577 nəfəri səsvermədə iştirak edib.

76 saylı Lənkəran-Astara seçki dairəsindən verilən məlumata görə, dairə üzrə 37 min 864 nəfərin adı seçici siyahısına daxil edilib. Seçicilərdən 20 min 807 nəfəri Astara rayonunun, 17 min 57 nəfəri Lənkəran rayonunun sakinləridir. Saat 10-dək 37 min 864 nəfər seçicidən 5449 nəfəri səsvermədə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.