SİYASƏT
“Cənub mirvarisi” Lənkəran müstəqillik illərində simasını büsbütün dəyişib [FOTOREPORTAJ]
Lənkəran, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dühası ilə müstəqilliyin inamlı və işıqlı yoluna çıxmış Azərbaycan dünya miqyasında özünəməxsus inkişaf modeli yaradıb. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti, sosial-iqtisadi strategiyası, həyata keçirilən əsaslı islahatlar nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib. Hazırda bütün regionlar tikinti-abadlıq və quruculuq meydanını xatırladır. Reallaşdırılan Dövlət proqramları şəhərlərin, qəsəbələrin və kəndlərin simasını dəyişir, yeni fabrik və zavodlar, emal müəssisələri yaranır. Bu, özünü “cənub mirvarisi” adlandırılan Lənkəranın timsalında da aydın göstərir.
Son 25 ildə rayonda “Nur-süd” zavodu, “Gilan-Lənkəran” konserv zavodu, “Gilan-Holdinq” fabriki, “Pal-food” dondurma fabriki, “Lənkəran-konserv” ASC-nin meyvə-tərəvəz emalı müəssisəsi fəaliyyətə başlayıb. Rayonun ənənəvi təsərrüfat sahələri olan çayçılıq və sitrusçuluq dirçəldilib. Həmçinin əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilir. Kəndlərə gedən yollar asfaltlanır, su-kanalizasiya sistemləri yenilənir, yaşayış məntəqələri qazlaşdırılır.
Regionlarda ilk dəfə Lənkəran şəhərində Müalicə-Diaqnostika Mərkəzi inşa edilərək istifadəyə verilib. Mərkəzi xəstəxana əsaslı surətdə yenidən qurulub, uşaq sağlamlıq mərkəzi üçün yeni bina tikilib. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, beynəlxalq hava limanı, 15 min tamaşaçı tutumu olan stadion, yenidən qurulan Heydər Əliyev Xatirə Parkı müstəqillik dövrünün yadigarlarıdır. Lənkəranda efirə çıxan “Cənub” televiziya kanalının verilişləri respublikanın 25 şəhər və rayonuna yayımlanır.
2003-2016-cı illərdə rayonda 37 məktəb binası, Lənkəran Dövlət Universiteti üçün yeni korpus tikilib, ümumtəhsil məktəblərinin əksəriyyəti əsaslı təmir edilib.
Bu gün Lənkəran turistlər üçün cəlbedici məkana çevrilib. Burada “Qafqaz-sahil”, “Palıdlı sahil”, “Bəşəru” və “Palmalife” kimi müasir turizm-istirahət mərkəzləri yaradılıb.
Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə Lənkəran rayonuna səfəri zamanı bu gözəl məkanı “Cənub mirvarisi” adlandırıb. Prezident İlham Əliyevin dediyi aşağıdakı sözlər isə rayonun bu günü barədə aydın təsəvvür yaradır: “Lənkəran rayonu çox uğurla inkişaf edir. Rayonda çox böyük işlər görülür. Həm sənaye infrastrukturu, həm sosial infrastruktur yaradılır”.
Sosial-iqtisadi sahədə qazanılan uğurlar, davamlı inkişaf, quruculuq, abadlıq və əhalinin firavanlığı - bütün bunlar müstəqilliyimizin Lənkərana bəxş etdiyi misilsiz töhfələridir.