İQTİSADİYYAT
“Cənub” qaz dəhlizi üzrə Azərbaycanda reallaşdırılan layihələr qrafiki qabaqlayır
Bakı, 27 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Cənub” qaz dəhlizi üzrə Azərbaycanda reallaşdırılan layihələr qrafikdən irəlidə gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 27-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir deyib ki, Səngəçal terminalında, o cümlədən də “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə həyata keçirilən işlər qrafikdən irəlidə gedir. “Cənub” qaz dəhlizinin icrası ilə bağlı Azərbaycandakı layihələrdə heç bir problem yoxdur. Həmçinin, Gürcüstandakı işlər də qrafik üzrə həyata keçirilir.
“Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə işlər də uğurla davam etdirilir və bu layihə ilə bağlı hər hansı gecikmə yoxdur. 2016-cı ildən isə “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə fiziki işlərə başlanılacaq. TAP kəməri üzrə borular da artıq sifariş olunub”, – deyə N.Əliyev bildirib.