REGİONLAR
Cənub regionunda kənd turizminin inkişafında bələdiyyənin və yerli əhalinin fəallığı artırılır
Bakı, 5 iyul, AZƏRTAC
“Şəfəq” Ekoturizm İctimai Birliyi iyulun 4-də Astara rayonunun Pəlikəş bələdiyyəsinin Ağkörpü kəndində yerli əhali üçün məlumatlandırma sessiyası keçirib. Sessiya Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd turizminin inkişafında bələdiyyə və yerli əhalinin fəallığının artırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində Astara Rayon İcra Hakimiyyəti və Pəlikəş bələdiyyəsinin təşkilati dəstəyi ilə reallaşıb. Tədbirdə gənclər, restoran xidməti göstərən sahibkarlar, kənd turizmi ilə məşğul olan ailələr, müəllimlər, bələdiyyə üzvləri də daxil olmaqla, bir qrup vətəndaş iştirak edib.
“Şəfəq” Ekoturizm İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Astara rayonunun Pəlikəş ərazi vahidliyi üzrə nümayəndəsi Balakişi Rəhmanov, Pəlikəş bələdiyyəsinin sədri Xaqani Xalıqov çıxış edərək bələdiyyə ərazisində, xüsusilə də Ağkörpü və Sım kəndində turizm imkanlarından, dövlətin bu sahədə gördüyü işlərdən və turizmin yerli əhaliyə faydalarından söhbət açıblar.
“Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev layihənin məqsədləri, qarşıda duran vəzifələr və turizm haqqında ümumi məlumat verib.
Təşkilatın sədr müavini Təhminə Cəfərova isə iştirakçıları kənd turizmi, onun mahiyyəti, kənd turizminin yerli əhali üçün sosial-iqtisadi nəticələri haqqında məlumatlandırıb və müzakirələr aparılıb.
Sonda iştirakçılara layihə çərçivəsində iyulun 25–28-də Lerik rayonunda keçirilməsi nəzərdə tutulan “Kənd evlərində turizm fəaliyyətinin təşkili” adlı 3 günlük təlim-təcrübə proqramının seçim mərhələsində iştirak etmək üçün xüsusi ərizə formaları paylanılıb.