SİYASƏT
Cənubi Afrika, Kamerun və Çad rəsmilərinə Xocalı faciəsi barədə geniş məlumat verilib
Bakı, 24 iyul, AZƏRTAC
Cənubi Afrika, Kamerun və Çad rəsmiləri ilə görüşən Milli Məclisin deputatı Qənirə Paşayeva onlara Xocalıda baş verən soyqırımı haqqında ətraflı məlumat verib.
AZƏRTAC xəbər verir ki, görüşdə Qənirə Paşayeva Azərbaycanın bu ölkələrlə hərtərəfli əlaqələrin qurulmasına önəm verdiyini vurğulayıb. Müzakirələr zamanı deputat Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlərdən söz açıb.
Q.Paşayeva keçirdiyi görüşlərdə Xocalı soyqırımı ilə yanaşı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə də geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. O, iştirakçılara ölkəmizin haqq işini əks etdirən materialları və “Azərbaycan həqiqətləri” filmlər kataloqunu təqdim edib.
Cənubi Afrika, Kamerun və Çadın qadın nazir və deputatları ölkələrinin Azərbaycanla dostluq əlaqələrinin inkişafına xüsusi önəm verdiklərini söyləyərək əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb və geniş fikir mübadiləsi aparıblar.
Q.Paşayeva bu ölkələrin bir sıra media qurumlarına müsahibələr verib.