QAN YADDAŞI
Cənubi Afrika Respublikası qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub
Bakı, 15 mart, AZƏRTAC
Cənubi Afrika Respublikasının (CAR) “Rekord” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
Müəllif Simone Heradien Xocalı qətliamını faciəvi insan qırğını və “soyuq müharibə”dən sonra amansızlıqla törədilmiş ilk soyqırımı adlandırır.
Məqalədə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması məsələsi xüsusi qeyd edilir, Cənubi Afrika hökuməti də eyni addımı atmağa çağırılır. Müəllif bu xüsusda, Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxovun sözlərinə istinad edərək, Azərbaycan xalqının tarixində qara səhifə kimi daim anılan faciənin bənzərinin 1980-ci illərdə öz ölkəsində də baş verdiyini xatırladır.
Azərbaycanın CAR-dakı səfirliyi tərəfindən Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar təşkil edilmiş sərgidən bəhs edən müəllif ümummilli lider Heydər Əliyevin faciə ilə bağlı sözlərindən sitat gətirir, bəşər tarixinin ən dəhşətli terror aktının qurbanlarının bu şəkillər vasitəsilə dünyadan ədalət tələb etdiyini bildirir.