ELM VƏ TƏHSİL
Cənubi Afrika Respublikasının ölkəmizdəki səfiri AMEA-da olub
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Cənubi Afrika Respublikasının (CAR) ölkəmizdəki səfiri Vika Xumalonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Əlizadə Azərbaycan və CAR əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin əməkdaşlıq və dostluq münasibətlərindən danışıb.
Akademiyanın tarixi və bu ilin noyabrında keçiriləcək 70 illik yubileyi ilə bağlı tədbirlər haqqında qonaqlara məlumat verən akademik AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlardan danışıb, CAR alimləri ilə seysmologiya sahəsində görülən işləri yüksək qiymətləndirib.
A.Əlizadə akademiyada ilk dəfə magistratura təhsilinin təşkili, eləcə də müxtəlif biznes qurumları ilə faydalı əməkdaşlıq əlaqələrindən də söz açıb.
Səfir V.Xumalo ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib. Səfir nümayəndə heyətini təqdim etdikdən sonra CAR-da xüsusilə nanotexnologiya və biotexnologiyaların tətbiqi nəticəsində informasiya texnologiyaları, tibb, müdafiə və kosmos sənayesi sahələrinin inkişaf etdiyini bildirib.
Sonra CAR-ın Elm və Texnologiya Nazirliyi yanında Elmi və Sənaye Tədqiqatları Şurasının beynəlxalq biznesin inkişafı üzrə meneceri Peter Qosenin də iştirakı ilə gələcək əməkdaşlıq sahəsində birgə tədqiqat istiqamətləri müzakirə olunub.
V.Xumalo elmi əməkdaşlıq əlaqələrin genişləndirilməsi məqsədi ilə AMEA-nın rəhbərini Cənubi Afrika Respublikasına səfərə dəvət edib.
Sonda qonaqlara Azərbaycan elmini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.