DÜNYA
Cənubi Avropa ölkələrində pis hava şəraiti hökm sürməkdədir VİDEO
Roma, 2 fevral (AZƏRTAC). Hava şəraitinin kəskin pisləşməsi nəticəsində Serbiyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan olunmuşdur. Qar fırtınasından zərər çəkmiş 100-dən çox insanı xilas etmək üçün həmin bölgələrə texnika və canlı qüvvə göndərilmişdir. Aidiyyəti orqanlar bir sıra magistral avtomobil yollarının qar uçqunu altında qaldığını bildirirlər. Təhlükəli ərazilərdən yüzlərlə insan evakuasiya olunmuşdur.
Paytaxt Belqradda avtomobillərində köməksiz qalmış 20-dən çox insana hərbi helikopterlərlə yardım göstərilmişdir. Sinoptiklərin məlumatına görə, kəskin hava şəraiti bir müddət davam edəcəkdir.
İtaliyanın da bəzi bölgələri təbii fəlakətdən əziyyət çəkir. Güclü yağış nəticəsində əsasən Pizada, Venesiyada və Florensiyada sel müşahidə olunmuşdur. Arno çayının suyunun səviyyəsinin qalxması nəticəsində Pizada yüzlərlə insan evlərindən evakuasiya edilmişdir.
Arno çayında son 20 ildə ilk dəfədir ki, suyun səviyyəsi təhlükəli həddə çatmışdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma