SİYASƏT
Cənubi Koreya telekanalında Azərbaycana həsr olunan veriliş yayımlanıb VİDEO
Seul, 5 iyul, AZƏRTAC
Cənubi Koreyanın “Arirang” televiziya kanalının “Ürəkdən- ürəyə” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub.
Verilişdə Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın tarixən öz mədəniyyəti, multikultural dəyərləri ilə dünya mədəni irsinə böyük töhfələr verdiyi vurğulanıb. Qədim İpək yolu üzərində yerləşən Azərbaycanın hazırda dünya turizm xəritəsində getdikcə daha çox qonaq cəlb edən bir ölkə olduğu, son illər bir çox dünya əhəmiyyətli tədbirlərin, idman yarışlarının, humanitar forumların keçirildiyi məkana çevrildiyi qeyd edilib.
Proqramın qonağı olan Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov aparıcının və tamaşaçıların ölkəmizlə bağlı suallarını cavablandırıb. Bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çətin siyasi və iqtisadi vəziyyətdən çıxaraq dinamik inkişaf edən ölkəyə çevrilib. Həm şərq, həm də qərb mədəniyyətini özündə cəmləşdirən Azərbaycan bir çox dinlərin və millətlərin nümayəndələrinin birgə dinc yaşadığı ölkə olaraq, tolerantlıq nümunəsi göstərir. Müasir dünyamızda bu baxımdan bir çox neqativ halların yaşandığı bir vaxtda burada heç bir ayrı-seçkilik yoxdur.
Verilişdə Azərbaycanın görməli yerlərindən, turistlər üçün maraq doğuran məkanlarından, o cümlədən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər, Qobustan, “Yanardağ”, Xalça Muzeyi, palçıq vulkanları, müasir dünya memarlığının ən cazibədar nümunələrindən olan Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, habelə gözəl təbiəti, tarixi abidələri, müalicəvi yerləri ilə zəngin bölgələrimizin turizm imkanlarından söz açılıb.
Bundan başqa, proqramda musiqi irsi, xalqımızın bayram mərasimləri, adət-ənənələri, xüsusən əcnəbilərin maraqla qarşıladıqları xüsusiyyətlər, ailə dəyərləri, habelə milli mətbəximiz, respublikamızda yetişdirilən ekoloji təmiz kənd təsərrüfatı məhsulları barədə də danışılıb.
Azərbaycan-Koreya münasibətlərindən söz açılan verilişdə qeyd olunub ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü tamam olur. Bununla belə, xalqlarımızın dostluq münasibətlərinin tarixi daha qədimdir. Oxşar cəhətlər və adət-ənənələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul