DÜNYA
Cənubi Koreyada Xarici İşlər Nazirliyinə yeni rəhbər təyin olunub
Bakı, 21 may, AZƏRTAC
Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri müəyyən olub. Prezident Mun Ce-in BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi işləmiş xanım Kan Kyun-hvanı xarici işlər naziri təyin edib.
Cənubi Koreyanın Yonsey Universitetində diplomatiya üzrə bakalavr, ABŞ-ın Massaçusets Universitetində magistr və Ph.D dərəcəsi almış Kan Kyun-hva karyerasına Koreya Yayım Xidmətində (KBS) jurnalist kimi başlayıb. Paralel olaraq Cənubi Koreya və ABŞ universitetlərində mühazirələr oxuyub. Xanım Kan Kyun-hva 1998-ci ildə Koreya XİN-də işə başlayıb, 2001-2005-ci illərdə ölkəsinin BMT-də nümayəndəsi olub. Bir müddət BMT-nin insan hüquqları üzrə ali komissarının müavini işləyən koreyalı diplomat 2013-cü ildən BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi təyin edilib.
Koreya Prezidenti daha bir neçə vəzifəyə təyinatlar edib. Belə ki, Acou Universitetinin rektoru Kim Don-yeon baş nazirin müavini-maliyyə naziri, Çun Euy-yon isə Milli Təhlükəsizlik Ofisinin rəhbəri təyin olunublar.