DÜNYA
Cənubi Koreyada prezident seçkiləri: hələlik 20 faizədək seçici səs verib
Bakı, 9 may, AZƏRTAC
Koreya Respublikasında növbədənkənar prezident seçkilərində yerli vaxtla saat 11:00-dək (Bakı vaxtı ilə 06:00) seçici fəallığı 19,4 faiz təşkil edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Seçki Komissiyasının məlumatına görə, əvvəlki seçkilərdə bu vaxt həmin göstərici 26,4 faiz təşkil edirdi. “Lakin nəzərə almaq lazımdır ki, bu il Cənubi Koreyanın seçki praktikasında ilk dəfə olaraq iki gün ərzində növbədənkənar səsvermə keçirilib. İlkin səsvermədə 11,07 milyon seçici, yaxud səsvermə hüququna malik vətəndaşların 26,6 faizi iştirak edib”, - komissiyanın məlumatında belə deyilir.
Xatırladaq ki, Koreya Respublikasında budəfəki seçkilərdə 42,5 milyonadək seçici qeydə alınıb. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçkilərin yekun nəticələri mayın 10-da günün ikinci yarısında açıqlanacaq.
Ölkənin ali dövlət postu uğrunda 13 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, demokratik “Taburo” partiyasının təmsilçisi Mun Çje İn seçkilərin əsas favoriti sayılır. Belə ki, seçicilərin 42,4 faizi onu dəstəklədiyini bildirir. Mun Çje İnin iki yaxın izləyicisi - mərkəzçi “Xalq Partiyası”nın nümayəndəsi An Çxol Su və mühafizəkar “Azadlıq Partiyası”nın namizədi Xon Çjun Pxö bu göstəriciyə görə ondan iki dəfədən də çox geri qalırlar.