İQTİSADİYYAT
“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsi üzrə işlər davam edir
Bakı, 25 may, AZƏRTAC
“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG)” layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edir.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, cari ilin birinci rübündə Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib. Təqribən 83 kilometr uzunluğunda borular artıq qaynaq edilib, 57 kilometr boru örtüklənib və 36 kilometr boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Borular saxlanma sahələrinə gətirilib. Azərbaycan hissəsi üçün lazım olan boruların 80 faizindən çoxu artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər boru saxlama sahələrindədir. Ağsu kanalının altından ilk üfüqi istiqamətdə qazma işləri tamamlanıb və Göyçayda ikinci qazma əməliyyatı üçün hazırlıq işləri gedir.
Birinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işlərinə başlanıb. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib və 34 kilometrə yaxın boru qaynaq edilib, 10 kilometrdən çox boru isə örtüklənib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. Birinci kompressor stansiyasında işlər 42 faiz, 2-ci kompressor stansiyasında isə 12 faiz tamamlanıb. Ölçmə stansiyasının tikintisi 26 faiz tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir.