CƏMİYYƏT


Cənubi Qafqaza alman köçünün xatirəsini yaşatmaqla bağlı müzakirələr aparılıb

Berlin, 18 may, AZƏRTAC 

Almaniya hökumətinin milli azlıqlar və alman köçkünlər üzrə müvəkkilinin internet saytında Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovla görüşə dair məlumat yayılıb.

Məlumatda Almaniya hökumətinin milli azlıqlar və alman köçkünlər üzrə müvəkkili, Bundestaqın deputatı Hartmut Koşik ilə səfir Ramin Həsənovun mayın 16-da keçirilmiş görüşündə Cənubi Qafqaza alman köçünün xatirəsini yaşatmaq üçün hər iki tərəfin səylərinə dair fikir mübadiləsinin aparıldığı bildirilir. Qeyd olunur ki, Azərbaycanın və Gürcüstanın birgə təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi UNESCO-nun yubileylər siyahısına qəbul edilib.

Qeyd olunur ki, səfir Ramin Həsənov alman hökumətinin müvəkkilini Azərbaycan tərəfinin yubileylə bağlı çoxsaylı təşəbbüs və tədbirləri barədə məlumatlandırıb, onu yubiley tədbirlərinə dəvət edib. Məlumatda, eyni zamanda, Almaniya hökumətinin Cənubi Qafqaza alman köçünün qeyd olunmasına Xarici İşlər Nazirliyi vasitəsilə dəstək göstərdiyi vurğulanır. Bildirilir ki, Azərbaycanda məskunlaşmış almanlar bir neçə yüz nəfərdən ibarət kiçik azlıq olsa da, onların xatirəsi bu gün yaşadılır.

Səfir Ramin Həsənov görüşdə Azərbaycandakı alman irsinin həm Azərbaycan əhalisi, həm də hazırda Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri üçün əhəmiyyətini vurğulayıb və həmin irsin qorunub saxlanması və təşviqi barədə məlumat verib.

Məlumatda, həmçinin vaxtilə Azərbaycanda yaşamış almanların təsərrüfat həyatına toxunulur, Concordia kollektivinin istehsal etdiyi keyfiyyətli məhsulların, o cümlədən şərab məhsullarının həmin dövrdə mövcud olan məhdudiyyətlərə baxmayaraq, bütün Sovet İttifaqına satışının təmin edildiyi, bununla yanaşı, mədəniyyət obyektlərinin maliyyələşdirildiyi və kimya laboratoriyalarının saxlandığı qeyd edilir.

Vurğulanır ki, Azərbaycan və Gürcüstan birlikdə hər iki ölkədəki tarixi alman məskənlərindən keçən turizm marşrutunun ərsəyə gəlməsini nəzərdə tutan “Almanların izi ilə” adlanan turizm layihəsini həyata keçirmək istəyirlər. Almaniya Xarici İşlər Nazirliyi də bu layihəni dəstəkləyir.

Bundan başqa, Almaniya hökumətinin müvəkkili Hartmut Koşikinin Bakıda Goethe Mərkəzinin açılması üçün Azərbaycan tərəfinin göstərdiyi səylərə görə təşəkkür etdiyi, eləcə də Azərbaycan tərəfinin alman siyasi fondları ilə əməkdaşlığa hazır olmasını alqışladığı bildirilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.