MƏDƏNİYYƏT
Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd edilməsi münasibətlərin dərinləşməsinə töhfə verəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab ilə görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncamı və alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin UNESCO-nun yubileylər proqramına daxil edilməsinin iki ölkə arasında münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu vurğulayıb.
Səfir Mixael Kindsqrab bu addımın Almaniya ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin müxtəlif layihələr, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda Əbülfəs Qarayev Mixael Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.