DÜNYA
Cənubi koreyalıların 80 faizi iki Koreya arasında danışıqların bərpasını istəyir
Bakı, 22 iyun, AZƏRTAC
Cənubi koreyalıların 80 faizi iki Koreya arasında bir müddətdir dayanmış danışıqların bərpa edilməsini istəyir. Bunu ölkədə keçirilmiş rəy sorğusunun nəticələri göstərir.
Sorğuda iştirak edənlərin 76,9 faizi hesab edir ki, Cənubi Koreya nüvə probleminin həllində aparıcı rol oynamaq üçün Şimali Koreya ilə dialoqu bərpa etməlidir. Sorğu iyunun 9-11-də Mun Ce-nin prezident seçilməsindən bir ay sonra təşkil edilib. Prezident Mun Ce-nin iki Koreya arasında bərabər şərtlər əsasında uzlaşmanın davam etdirilməsinə dair vəd vermişdi.
Rəyi soruşulanların 74,4 faizi hökumətin özəl sektorun Şimal Koreya ilə təmaslar qurmaqla bağlı mövqeyini dəstəklədiyini bildirib. Bundan başqa, sorğuda iştirak edənlərin 48,1 faizi iki Koreya arasında əlaqələrin inkişafına ümid etdiklərini bildirib. Bu, əvvəlki sorğudakı rəqəmdən 13,9 faiz çoxdur. Rəyi soruşulanların 39,8 faizi Şimali Koreyanı əməkdaşlıq və ya dəstək üçün ölkə kimi görüb.