CƏMİYYƏT


Cərrah professorun 200-cü əməliyyatı

Bakı, 7 iyun, AZƏRTAC

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Laporoskopik Nissen üsulu ilə fundoplikasiya” adlanan əməliyyat həyata keçirilib. Əməliyyat zamanı xəstə qadının diafraqma dəliyinə girən mədə yerinə qaytarılıb.

AZƏRTAC xəbər verir ki, klinikanın ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev universitetin mətbuat xidmətinə müsahibəsində deyib ki, həmin üsulla aparılan əməliyyat çox səmərəlidir və əlavə təsirsiz ötüşür: “60 yaşlı qadın 10 il idi ki, diafraqmanın qida borusu dəliyinin yırtığı və refluks eroziv ezofagit xəstəliyindən əziyyət çəkirdi. O, ağır olmayan yük götürəndə də ağrılar baş qaldırırdı. Bundan başqa mədə şirəsi qida borusuna keçir və borunun selikli qişasını yandırdığına görə, qıcqırma, qida borusunda eroziyalar əmələ gəlir və nəticədə Barret xəstəliyi yaranır”.

M.Əliyevin verdiyi məlumata görə, Barret xərçəngə çevrilə biləcək xəstəlikdir və qida borusunun selikli qişası turşunun təsiri ilə dəyişir: “Üzərində əməliyyat aparılan xəstə 3-4 il müalicə olunsa da, faydasını görməyib. Ona görə cərrahi əməliyyat aparmaq məcburiyyətində qaldıq. Əməliyyat üçün üç əsas göstərici var və onlardan birinin olmağı onu zəruri edir. Əvvəla, Barret xəstəliyinin olması, ikincisi, dərman müalicəsinin səmərəsizliyi və nəhayət, yırtığın olması. Bizə müraciət edən xəstədə hər üç göstərici var idi, ona görə də əməliyyat aparmağa qərar verdik. Bu, mənim təcrübəmdə rast gəldiyim 200-cü belə əməliyyat idi”.

Professor M.Əliyevin sözlərinə görə, Barret xəstəliyi zamanı aparılan əməliyyatlar laporoskopik şəkildə icra edilir. Əməliyyat bir saat davam edir və xəstə iki gün sonra evə buraxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.