CƏMİYYƏT
Cərrahlar pasiyentin 18 santimetr uzunluğunda quyruğunu kəsib götürüblər
Bakı, 13 oktyabr, AZƏRTAC
Hindistanda Pramod Giri başda olmaqla, bir qrup neyrocərrah 18 yaşlı yeniyetmənin quyruğunun kəsilib götürülməsi üzrə əməliyyat aparıb. Kəsilib götürülən quyruğun uzunluğu 18 santimetrdir ki, bu da indiyə qədər təsadüf edilən ən uzun insan quyruğudur. Ən azından barəsində rəsmi informasiya olan quyruqlardan.
AZƏRTAC “medportal.ru” saytına istinadla xəbər verir ki, adətən quyruğu doğuluşdan dərhal sonra kəsib götürürlər. Bu gənc doğulanda həmin əməliyyat nədənsə aparılmayıb. Qeyd edək ki, quyruqlu adamlar çox vaxt sidik kisəsinin fəaliyyəti ilə bağlı problemlərdən əziyyət çəkirlər. Bundan əlavə, onlarda aşağı ətrafların fəaliyyəti pozulur, yerimə ağrı verir.
On səkkiz yaşına çatan hindistanlı gənc quyruğu yetərincə əziyyət verdiyi üçün həkimə müraciət edib. Onun gec müraciət etməsinin səbəbi həmin orqanla assosiasiya olunan mövhumatla bağlıdır. Versiyalardan birinə görə, uşağın valideynləri inanırmışlar ki, quyruq firavanlığın rəmzidir. Buna görə də onun kəsilib götürülməsini istəməyiblər.
Amma yaşa dolduqca quyruğun içindəki sümüklər bərkiməyə başlayıb. Cavan oğlan nə normal otura, nə də yata bilirmiş. Həkimlər pasiyentin əzablarını yüngülləşdirmək qərarına gəliblər. Amma quyruq onurğa sütununun bir hissəsi olduğu üçün onun kəsilib götürülməsini neyrocərrahlara etibar ediblər. Həkimlər etiraf edirlər ki, belə əməliyyatları az-az aparırlar. Quyruğun uzunluğu isə cərrahi müdaxiləni unikal əməliyyata çevirib.