MƏDƏNİYYƏT
Ceyhun bəy Hacıbəylinin mühacirət həyatını əks etdirən “Qürbətdən gələn səslər” kitabı çap olunub
Bakı, 16 avqust, AZƏRTAC
Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanmış “Qürbətdən gələn səslər” (Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı) kitabı çap olunub.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi mövcudluğuna son qoyulduqdan və sovet hakimiyyəti qurulandan sonra Azərbaycanda mühacirət həyatı durmadan artmağa başladı.
Mühacirət etmiş insanların həyatı yad ölkələrdə heç də yaxşı keçməmiş, onlar ya bolşeviklərin məxfi idarələri tərəfindən məhv edilib, ya təqiblərə məruz qalıb, ya da uzun müddət ehtiyac içində yaşayıblar. Həmin mühacirət həyatını yaşamağa məcbur olanlardan biri də milli istiqlal hərəkatının öncüllərindən və Azərbaycanın təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika kimi tanınmasında böyük rol oynamış yazıçı, jurnalist, politoloq, redaktor, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olub.
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin böyük həcmdə materiallarından istifadə edilməklə ərsəyə gəlmiş bu kitab tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmasına imkan yaradacaq.
1990-cı illərin əvvəllərində UNESCO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənədlərini Fransadan vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərib. O, bu missiyanı üzərinə götürməklə nəinki Ceyhun bəy Hacıbəylinin, eyni zamanda mühacirət həyatı sürmüş bir çox şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvəffəq olub. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə bağlı məktubları da diqqəti cəlb edir.
Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, vətəndə gedən hadisələr öz əksini tapıb.
Bu yazışmaların geniş marağa səbəb olacağını nəzərə alıb oxucularla tanış edilməsində, yazışmaların sistemli şəkildə oxunmasında, müasir əlifbamıza köçürülməsində, ümumiyyətlə, kitabın ərsəyə gəlməsində, onu tərtib edilib nəşrə hazırlanmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənanın xidmətini xüsusi qeyd etmək lazımdır.