REGİONLAR
“Ceyrançöl” MMC gələn il əkin sahələrini daha 1000 hektar artıracaq VİDEO
Şəmkir, 25 avqust, Famil Quliyev, AZƏRTAC
Vaxtilə boz çöllərdən ibarət olan Şəmkirin Ceyrançöl ərazisi indi yaşıllıqlara bürünüb. Su üzünə həsrət qalan bu ərazidə əkin sahələrinin suvarılması üçün Kür çayından iki istiqamətdə 730 millimetrlik borularla 10 kilometr məsafəyə və qismən kiçik diametrli borularla 12 kilometr təsərrüfatdaxili su xətləri çəkilib, müasir suvarma qurğuları quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, “Ceyrançöl” MMC tərəfindən torpağın əkilib-becərilməsi, aqrotexniki tədbirlərin aparılması üçün lizinq yolu ilə müasir tələblərə cavab verən “NEW Holland” markalı 10 traktor, 44 adda müasir kənd təsərrüfatı texnikası və avadanlıqları alınıb. Əkin sahələrinin su ilə davamlı təminatı üçün ərazidə 65 min kubmetr həcmində su anbarı yaradılıb və 14 müasir suvarma qurğusu istifadəyə verilib.
Yeni yaradılmış təsərrüfatla tanışlıq üçün rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Habil Rzayevlə Ceyrançölə yollandıq.
Yol boyu görülən işlərdən, bu sahədə qarşıya çıxan çətinliklərdən danışan H.Rzayev qeyd etdi ki, “Ceyrançöl” MMC Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, ölkədə ərzaq bolluğunun yaradılması üçün lazımi tədbirlər görür. Hələlik 2708 hektar sahə əkin dövriyyəsinə daxil edilib. Onun da 560 hektarında buğda, 580 hektarında arpa, 650 hektarında şəkər çuğunduru, 70 hektarında qarğıdalı, 150 hektarında bostan və tərəvəz bitkiləri əkilib. Bundan başqa, bağçılığın inkişafı məqsədilə ərazidə 20 min zeytun, 30 min əncir, 60 min nar tingi basdırılıb. Taxıl yığımı artıq başa çatıb. Buğda zəmilərindən məhsuldarlıq 42 sentner, arpa zəmilərindən isə 37 sentner təşkil edib. İndi biçilmiş sahələr təkrar əkin üçün hazırlanır.
Habil Rzayev bildirdi ki, digər bitkilərin də məhsuldarlığı pis deyil. Sahələrdən bol şəkər çuğundurunun götürülməsi gözlənilir. Sentyabr ayının əvvəllərində yığıma başlanılacaq. İstehsal olunacaq məhsul bağlanmış müqaviləyə əsasən İmişli Şəkər Zavoduna təhvil veriləcək. Bostan və tərəvəz sahələrində də bol məhsul yetişdirilib. Qarpız, yemiş, pomidor, xiyar, badımcan, bibər və s. məhsulların satışında da elə bir problem yoxdur.
Yığılmış məhsulu saxlamaq üçün ərazidə uzunluğu 66, eni 33 metr olan talvar da quraşdırılıb.
Təsərrüfat rəhbəri Sabir Hüseynov ilə söhbət zamanı qeyd etdi ki, hazırda burada 40 nəfər çalışır. Mövsümi işlərə isə 100-ə yaxın adam cəlb edilib. “Ceyrançöl” MMC fəaliyyətini genişləndirmək üçün başladığı tədbirləri davam etdirir. Gələn il əkin dövriyyəsinə daha 1000 hektar torpaq sahəsini daxil etmək üçün hazırlıq görülür. Bir sözlə, görüləcək işlər qarşıdakı illərdə daha uğurlu nəticələr qazanmağa təminat verir.