REGİONLAR
Ceyrançöl ərazisində 13 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunacaq
Ağstafa, 23 sentyabr, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında kənd təsərrüfatının rayon üçün ənənəvi olan sahələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, şura iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev kənd təsərrüfatının inkişaf etdirilməsi və torpaqlardan daha səmərəli istifadə olunması istiqamətində həyata keçirilən tədbirlərə xüsusi yer ayırıb.
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də pambıqçılığın inkişaf məsələlərinə dair Sabirabadda keçirilən respublika müşavirəsində dövlətimizin başçısının proqram xarakterli çıxışından irəli gələn məsələləri diqqətə çatdıran M.Quliyev qeyd edib ki, Ağstafada aqrar sahənin inkişaf etdirilməsi məqsədilə həm boş qalan torpaqların əkin dövriyyəsinə daxil edilməsi, həm də rayon üçün ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası istiqamətində zəruri addımlar atılır. Qeyd olunub ki, rayonun Ceyrançöl ərazisində taxılçılığın inkişaf etdirilməsi, nar və fındıq bağlarının salınması məqsədilə 13 min hektar torpaq sahəsi müəyyən edilib. Böyük istehsal və emal sahələrini birləşdirən sənaye parkının və Ağstafa taxıl və un məmulatları kombinatının tikinti işləri sürətlə aparılır, Saloğlu Mebel Fabrikində yeni istehsal sahələri yaradılır. Yol infrastrukturunda mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə 4 ədəd yeni körpünün tikintisi də sürətlə davam edir. Yeni istehsal sahəsi kimi “Azərxalça” İB tərəfindən yeni xalça istehsalı müəssisənin tikinti işlərinə hazırlıq görülür.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavinləri Aydın Hacıyev, Lalə Eyyubova, memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev çıxış edərək, dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanundan irəli gələn məsələlərin icra vəziyyəti, təşkilatlarda vətəndaşların müraciətlərinə operativ baxılması kimi məsələlərə toxunublar.