REGİONLAR
Ceyrançöl ərazisində çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür VİDEO
Tovuz, 17 may, Famil Quliyev, AZƏRTAC
Tovuz rayonunun Ceyrançöl ərazisində çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Ermənistan və Gürcüstan ərazilərindən miqrasiya etmiş İtaliya çəyirtkələrinin məhv edilməsi üçün əraziyə Bitki Mühafizə Mərkəzinin əməkdaşları, o cümlədən 3 traktor və mikro-neyr cəlb olunub. Sürü halinda ərazidə görünən çəyirtkəkimilərə qarşı mübarizədə əsas məqsəd onların təsərrüfat sahələrinə keçməsinin vaxtında qarşısını almaqdır.
Tovuz Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Lalə Şamilova AZƏRTAC–a bildirib ki, rayonda çəyirtkəkimilərə qarşı artıq bir neçə müddətdir mübarizə tədbirlərinə başlanılıb. “Artıq rayonun Xatınlı, Qədirli, Qaraxanlı, Əlimərdanlı və Hunanlar kəndlərinin ərazisində kimyəvi mübarizə işləri aparmışıq. Çəyirtkəkimilərə qarşı Ceyrançöldə apardığımız marşrut yoxlamaları zamanı sürü halında yaşayan çəyirtkəkimilər qrupuna aid olan İtaliya çəyirtkələrinin birinci və ikinci yaş sürfələrinin olmasını müşahidə etdik. İndi həmin ərazilərdə kimyəvi mübarizə işlərinə başlamışıq”, deyə L.Şamilova söyləyib.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Mobil bitki mühafizəsi dəstəsi”nin traktorları və mikro-neyr vasitəsilə bu zərərvericilərə qarşı Kür çayının sağ sahilindəki ərazilərdə mübarizə tədbirlərində “Fostikil” və “Kral” kimyəvi preparatlarından istifadə edilir. Zərərvericilərə qarşı mübarizə aparılan sahələrdə çəyirtkə ocaqları lokallaşdırılaraq təhlükə minimuma endirilir.
Onun sözlərinə görə, kimyəvi mübarizə tədbirləri Tovuz rayonu ilə yanaşı, Ağstafa və Qazax rayonunun ərazisində də aparılır.
İtaliya çəyirtkəsinin Mərakeş çəyirtkəsindən təhlükəli olduğu bildirən rayon bitki mühafizə mərkəzinin rəisi deyib ki, Mərakeş çəyirtkəsi iyunun sonlarında ölürsə, İtaliya çəyirtkələri oktyabra qədər yaşayıb ziyan vura bilir. Bu zərərvericilərin qarşısı alınmadığı təqdirdə önlərinə çıxan yaşıllıqları az bir vaxtda məhv edir. Elə buna görə də mübarizənin effektivliyini artırmaq məqsədilə çəyirtkəkimilərin aşkar olunan ocaqlarının olduğu sahələrin hamısında kimyəvi mübarizə tədbirlərinin bundan sonra da davam etdirilək.