REGİONLAR
Ceyrançöl ərazisində iri taxılçılıq təsərrüfatı yaradılacaq, fındıq, nar, zeytun bağları salınacaq VİDEO
Ağstafa, 9 fevral, Famil Quliyev, AZƏRTAC
Ötən il “Ağstafa Aqroservis” MMC-nin taxıl və un məmulatları kombinatının taxıl və hazır məhsul anbarının, 4 min kvadratmetr sahəsi olan toxum emalı müəssisəsinin tikintisi və avadanlıqlarının quraşdırılması başa çatdırılıb. İstehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodunun, həmçinin çörək və yarımfabrikatlar istehsalı zavodunun inşası isə davam etdirilir. Bu müəssisələrdə 210 nəfər yeni iş yeri ilə təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 9-da Ağstafa Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin ötən ilin sosial-iqtisadi inkişafı və cari ildə qarşıda duran vəzifələrlə bağlı yığıncağında məlumat verilib.
İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Azərbaycan Prezidentinin yerlərdə sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər görülüb. Bunun nəticəsi olaraq, Ağstafa rayonundan olan iş adamının özəl investisiyası hesabına rayonda “Karvan-L” Eko Sənaye Parkı yaradılıb. Sənaye parkının tikintisinə 12,5 hektar torpaq sahəsi ayrılıb. Parkda müəssisələrin tikintisi və istixana kompleksinin quraşdırılmasına 12,5 milyon manat investisiya yatırılıb və 370 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
“Karvan-L” Eko Sənaye Parkında gücü sutkada 500 kvadratmetr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin də bu günlərdə təməlqoyma mərasimi olub. Həmçinin 200 hektar sahədə meyvə bağının salınması istiqamətində hazırlıq işləri aparılır.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika qeydə alınıb, ümumi məhsul buraxılışının həcmi 7,7 faiz artaraq 131,2 milyon manata çatıb.
Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ötən il ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi 587 min manat artıb. 2016-cı ilin məhsulu üçün rayon üzrə 10519 hektar sahədə taxıl əkilib və 31603,6 ton məhsul istehsal olunub. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində ötən ildə rayonda 1,9 ton barama istehsal edilib. Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayon ərazisində 10 mindən artıq tut tingi əkilib.
Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, bu il Köhnəqışlaq kənd orta məktəbinin yeni binasının tikintisi, Ağstafa şəhər 3 saylı tam orta məktəbin binasının əsaslı təmiri başa çatdırılmalıdır. Rayon ərazisində 4 ədəd avtomobil körpüsünün tikintisi də yekunlaşmalıdır. Həmçinin Dağ Kəsəmən kəndinə sel təhlükəsinin qarşısının alınması üçün bəndlərin tikintisi də sürətlə aparılır və bu il yekunlaşacaq. Bundan əlavə, cari ildə yeni sənaye müəssisələrinin inşası, xalça fabrikinin işə salınması, xidmət və ticarət obyektlərinin açılması, Ceyrançöl ərazisində 13 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılması üçün suvarma suyunun çəkilməsi və həmin ərazidə, fındıq, nar, zeytun bağlarının salınması, iri taxılçılıq təsərrüfatının yaradılması da qarşıda duran mühüm işlərdəndir.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əlibala Əliyev, Milli Məclisin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayeva çıxış edərək, görüləcək işlərlə bağlı fikirlərini bildiriblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.