ELM VƏ TƏHSİL
“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub
Bakı, 30 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə Göygöl rayonunun Toğana kəndində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində təşkil olunan düşərgədə Goranboy və Samux rayonlarının kənd orta məktəblərindən 30 şagird iştirak edib.
Düşərgənin təşkil olunmasının məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları düşərgədə məktəblilər üçün ekoloji maarifləndirmə proqramı üzrə seminar, müsabiqə, ekoloji oyun və s. keçiriblər. Məktəblilərə ceyranların Azərbaycanda məskunlaşdığı tarixi ərazilər, növün həyat tərzi, təbiətdə rolu və qorunması barədə ətraflı məlumat verilib.
Düşərgə iştirakçıları Gümrük çayında hidrobioloji tədqiqatlar aparıb, bioloji müxtəlifliyə aid viktorinada və “Ceyran – təbiətin bəzəyidir” mövzusunda rəsm müsabiqəsində bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yekunda düşərgə iştirakçılarına Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin diplomları təqdim olunub.