CƏMİYYƏT
Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamdan irəli gələn vəzifələr müzakirə edilib
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Ali Məhkəmədə Baş Prokurorluğun, Ədliyyə və Daxili İşlər nazirliklərinin məsul əməkdaşlarının, Apelyasiya, Ağır Cinayətlər, Hərbi, Sumqayıt şəhər, Bakı şəhəri və Abşeron rayon məhkəmələrinin sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib.
Müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev diqqətə çatdırıb ki, dövlət həyatının ayrı-ayrı sahələrində idarəçiliyin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların təyin olunması və icrası, qətimkan tədbirlərinin seçilməsi ilə bağlı fəaliyyətin səmərəli təşkilini zəruri edir.
Tədbirdə elektron nəzarət vasitələrinin tətbiqi, probasiya xidmətinin təşkili, həbsə alternativ olan qətimkan tədbirinin tətbiqi, “cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin təşkili və Sərəncamda qeyd olunan digər tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, ibtidai araşdırma və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq olunması, habelə həmin cinayətlərə görə bir çox hallarda azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi azadlıq hüququ məhdudlaşdırılmış təqsirləndirilən şəxslərin və məhkumların artmasına səbəb olub. Bu da dövlətimizin başçısı tərəfindən həmin Sərəncamın verilməsini, qanunvericiliyin təkmilləşdirilməsini, habelə cinayət törətmiş şəxslərin qanunla müəyyən edilmiş hallarda azadlıq hüququnun təmin olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.
Müşavirədə baş prokurorun müavini Namiq Əsgərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Daxili İşlər Nazirliyinin istintaq və təhqiqat baş idarəsinin rəisi Sərvər Mehrəliyev çıxışlarında təmsil etdikləri dövlət qurumlarının Sərəncamdan irəli gələn vəzifələrindən və onların vaxtında icrası üçün görüləcək tədbirlərdən danışıblar.
Sərəncamın icrası ilə bağlı həm məhkəmələrə, həm də bir sıra dövlət orqanlarına Azərbaycan Prezidentinin verdiyi tövsiyələrin və tapşırıqların yerinə yetirilməsi istiqamətləri müəyyənləşdirilərək, bu işdə sui-istifadə hallarına yol verilməməsi vurğulanıb.