CƏMİYYƏT
Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib
Bakı, 18 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2 və 9 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşı Mübariz Vəliyev məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisələrdə yaradılmış şərait barədə məlumat verib.
DQİDK-nın dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib. Münaqişə ocaqlarının əsasən İslam aləmində olduğunu, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdıran Nahid Məmmədov bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır.
Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İlahiyyatçı bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təcrübəsinin örnək götürülməsi və öyrənilməsi ilə bağlı təşəbbüslər sevindiricidir. O bildirib ki, radikalizm Allahın bizə göndərdiyi Qurana və Peyğəmbərin həyat yoluna ziddir. Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir.
Tədbirin sonunda çoxsaylı suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan kitablar məhkumlara hədiyyə edilib.
Qonaqlar cəzaçəkmə müəssisəsində məhkumların dini ibadətləri üçün yaradılmış şəraitlə də tanış olublar.
Sonda camaat namazı qılınıb.