CƏMİYYƏT


Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər təşkil edilib

Bakı, 23 yanvar, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 2017-ci ildə keçirilməsi planlaşdırılan seminar-treninqlərə start verilib.

1 və 15 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli iştirak ediblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müəssisənin tərbiyə işləri üzrə rəis müavinləri məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılmış şərait barədə məlumat veriblər. Bildirilib ki, məhkumlar üçün müəssisədə məscidlərlə yanaşı, 15 saylı cəzaçəkmə müəssisəsində pravoslav xristianların mənəvi tələbatlarını həyata keçirmək üçün ibadət evi də fəaliyyət göstərir. Mütəmadi olaraq Rus Pravoslav kilsəsinin ruhaniləri müəssisəyə baş çəkir və dini ayinləri icra edirlər. Müəssisələrdə kitabxanaların da fəaliyyət göstərdiyi və məhkumların Dövlət Komitəsinin müvafiq razılığı ilə çap edilən dini ədəbiyyatlardan geniş istifadə etdikləri bildirilib.

Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini dövlətin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi növbəti dəyər kimi qiymətləndirib və bu mövzuda cəzaçəkmə müəssisələrində də silsilə tədbirlərin keçiriləcəyini bildirib. Şöbə müdiri İslam coğrafiyasında dini zəmində baş verən münaqişələr fonunda həmrəyliyin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan özünəməxsus tolerantlığı, multikultural dəyərləri ilə dünyaya örnəkdir, bununla yanaşı, ölkəmiz məzhəb fərqliliklərinə baxmayaraq özünün birgəyaşayış ənənəsinə görə İslam dünyası üçün nümunədir. İslam coğrafiyasında baş verənlər fonunda ölkəmizdə həmrəyliyin, vəhdətin, birliyin qorunması və dünyaya nümunə kimi tanıtdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi müdrikcəsinə atılmış növbəti addımdır.

İlahiyyatçı Hacı Şahin Həsənli günümüzdə həmrəyliyin və vəhdətin mahiyyəti barədə məhkumlara məlumat verib. Həmrəyliyin cəmiyyətdə qorunması üçün vacib olan amilləri sadalayan ilahiyyatçı ona mane olan əsas amil kimi radikalizmi göstərib. Bildirib ki, həmrəylik bizim üçün bir dəyərdir və bu dəyər tarixi köklərimizə bağlıdır. Azərbaycanda din hər zaman elmi ənənələrə söykənib, dinin əsas missiyası cəmiyyətdə qardaşlığı bərqərar etməkdir. Bu gün İslamı özünün məkrli niyyətlərinə alət edənləri pisləyən ilahiyyatçının sözlərinə görə, din siyasətə alət olduğu zaman faciələr baş verir. O bildirib ki, hər bir müsəlman Quran məntiqi ilə hərəkət etməlidir.

Hacı Şahin Həsənli cihad və şəhidlik mövzusuna toxunaraq onların mahiyyəti barədə danışıb. Qeyd edib ki, şəhidlik uca zirvədir, bu uca zirvəyə kinlə, nifrətlə çatmaq olmaz. İnsanı şəhidliyə vadar edən nifrət deyil, məhəbbət olmalıdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşri olan kitablar məhkumlara hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.