MƏDƏNİYYƏT
“Challenge Tourisme” assosiasiyasının saytında Azərbaycan paytaxtının möhtəşəmliyindən söhbət açılıb
Paris, 27 avqust, AZƏRTAC
Sentyabrın 3-dən 6-dək ixtisaslaşmış turizm assosiasiyası “Challenge Tourisme”in Bakıda “Açıq innovasiya: modernləşmək üçün açıq olmaq” adlı növbəti təlim və praktiki məşğələsi keçiriləcək. Azərbaycanın turizm potensialı, eləcə də Bakının sürətli inkişafına təkan verən iqtisadi tərəqqi və ultramodern infrastrukturun inşası assosiasiyanın diqqətini cəlb edib.
Bu barədə məlumatın əksini tapdığı assosiasiyanın saytında bildirib ki, neft, qaz və digər sərvətlərlə zəngin olan Bakı, eyni zamanda, turizm sektorunda da böyük şöhrət qazanıb. Yazıda Azərbaycanın bu strategiyasını “Eurovision-2012”, “Bakı-2015” birinci Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirlərin təşkili ilə reallaşdırdığı bildirilib.
“Alov qüllələri”, Xəzər dənizi boyu uzanan Dənizkənarı Milli Park, UNESCO-nun dünya irsi siyahısına salınan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, şəhərin qədim və müasir arxitekturasının mükəmməlliyinin vurğulandığı məqalədə böyük infrastruktur layihələrinin sürətli ritmi fonunda Azərbaycan paytaxtının 2020-ci ildə yüksək inkişaf səviyyəsinə çatacağı vurğulanıb. Həmçinin Azərbaycanın artıq inkişafın yeni dövrünə qədəm qoyduğu xüsusi diqqətə çatdırılıb.
Qeyd edək ki, Lüsyen Saleminin rəhbərliyi ilə “Challenge Tourisme”in 30-a qədər mütəxəssisi sentyabrın 3-də Bakıya yola düşəcək. “Fairmont” otelində günün birinci yarısında keçiriləcək nəzəri təlim məşğələləri günün ikinci yarısında paytaxtın tarixi abidələrinə tanışlıq səfərləri ilə davam edəcək.