SİYASƏT


“China Daily”: Azərbaycan İpək yolu zəncirində açar rol oynayır

Pekin, 21 yanvar, AZƏRTAC

Çinin nüfuzlu “China Daily” qəzetində “Azərbaycan İpək yolu zəncirində açar rol oynayır” başlıqlı məqalə dərc olunub.

Məqalədə Asiya ilə Avropanı birləşdirən ticarət yolları baxımından böyük potensialı olan, zəngin enerji və təbii resurslara malik Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürüdüyü İpək yolu iqtisadi kəməri strategiyasında vacib ölkə olduğu vurğulanır.

Qeyd olunur ki, hələ qədim İpək yolu dövründən dəniz və quru yolu ilə ticarət edənlər coğrafi mövqe baxımından Çin-Mərkəzi Asiya-Qərbi Asiya iqtisadi dəhlizində xüsusi əhəmiyyət daşıyan Azərbaycana gəlirdilər.

Müəllif yazır ki, Qərbi Xan sülaləsinin hakimiyyəti illərində Çinin Roma imperiyası ilə ticarət əlaqələrinin Azərbaycan üzərindən keçməsinə dair tarixdə faktlar var. Qədim İpək yolu üzərində ən təhlükəsiz yol hesab edilən Azərbaycanın Bərdə şəhəri bir vaxtlar ticarət mərkəzi idi. Tarixən olduğu kimi, indi də Çindən Qərbi Asiyaya ən qısa yol Bakıdan keçir.

Bildirilir ki, hazırda Aktau və Türkmənbaşı liman şəhərlərindən yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Türkiyə və Avropaya daşınır. Çinin Şıxeci şəhərindən yola çıxan yük qatarı sınaq rejimində Aktau limanı vasitəsilə Bakıya gedib çıxıb.

Məqalədə, həmçinin Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində iş getdiyi, yaxın zamanlarda Rusiya və İranı birləşdirəcək bu dəhlizin Hind okeanı ölkələrinin Avropaya çıxışını təmin edəcəyi diqqətə çatdırılır.

Qeyd olunur ki, Azərbaycan Çin ilə Avropa arasında yüklərin daşınmasını təmin edəcək Transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılması üçün qonşu ölkələrlə razılıq əldə edib.

İnşası başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolunun “Dəmir İpək yolu” adlandırıldığını vurğulayan müəllif yazır ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə 2020-ci ilədək 300-400 min konteynerin daşınması ehtimal olunur.

Azərbaycan ilə Çin arasında münasibətlərin sürətlə inkişafından bəhs edilən məqalədə qeyd edilir ki, Azərbaycan İpək yolu layihəsində Çinin dəyərli tərəfdaşı olmaq potensialına malikdir.

Yazıda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə məlumat verilir. Bildirilir ki, bu kəmərlər vasitəsilə Azərbaycan nefti və qazı Avropanın enerji təchizatını təmin edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.