İQTİSADİYYAT
“China Southern Airlines” Bakı-Urumçi-Quançjou marşrutu ilə aviareys açır
Bakı, 26 may, Laçın Sultanova, AZƏRTAC
Çinin “China Southern Airlines” (Cənubi Çin Hava Yolları) aviaşirkəti müntəzəm Bakı-Urumçi-Quançjou aviareysi açır.
“China Southern Airlines”in Bakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı-Urumçi-Quançjou aviareysi iyulun 3-dən işə salınacaq.
Uçuşlar “Boeing 737-800” təyyarələrində həftənin çərşənbə və bazar günləri həyata keçiriləcək.
Bakıdan uçuş vaxtı - 23:05, Urumçiyə gəlmə vaxtı - 07:00 (yerli vaxtla), Urumçidən uçuş - 09:40, Quançjouya gəlmə - 14:35¸Quançjoudan uçuş - 12:50, Urumçiyə gəlmə - 18:10, Urumçidən uçuş - 20:10, Bakıya gəlmə - 21:05 nəzərdə tutulub.
Aviaşirkətin Bakı nümayəndəliyində hesab edirlər ki, Bakı-Urumçi-Quançjou reysinin açılması sayəsində sərnişinlər uçuş vaxtına qənaət edə biləcəklər. Bu aviareys Azərbaycan ilə Çin arasında qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına kömək edəcək.