DÜNYA
“China Telecom”un keçmiş sədri rüşvətə görə həbs edilib
Pekin, 31 may, AZƏRTAC
“China Telecom” şirkətinin keçmiş sədri Çan Siaobin fəaliyyəti dövründə rüşvət aldığına görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Çinin Xebey vilayətinin Baodin şəhərində keçirilən məhkəmə iclasında Çan Siaobinin 1998-2014-cü illərdə müxtəlif vəzifələrdə, o cümlədən “China Unicom” şirkətində sədr vəzifəsində çalışarkən səlahiyyətlərindən sui-istifadə etdiyi, müxtəlif şirkətlərdən və şəxslərdən 3,76 milyon yuan (təxminən 551 min ABŞ dollar) rüşvət aldığı müəyyən edilib. Müttəhim məhkəmə iclasında bütün qanunsuz əməllərini etiraf edib.
Baodin məhkəməsi 6 illik azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, Çan Siaobinin 500 min yuan cərimə olunması və qanunsuz yolla əldə etdiyi bütün əmlakın və vəsaitin müsadirə edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Çan Siaobin müxtəlif vaxtlarda Çinin Poçt və Telekommunikasiya Administrasiyasında sədr müavini, İnformasiya Sənayesi Nazirliyində direktor, “China Unicom” və son olaraq “China Telecom” şirkətində sədr işləyib. “China Unicom” və “China Telecom” Çinin 3 ən böyük telekommunikasiya xidmətləri göstərən şirkətlərindən ikisidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin